Muzey günləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Milli Dəyərlər Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

     Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Milli Dəyərlər Muzeyində olublar.

     Muzeydə kollektivə məlumat verilib ki, 2019-cu il sentyabrın 23-də istifadəyə verilmiş muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.