Naxçıvan Mediasiya Təşkilatı üçün müasir iş şəraiti yaradılıb

15.04.2022 (1)aprelin 14-də Naxçıvan Mediasiya Təşkilatında bununla bağlı təqdimat olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək deyib ki, 2021-ci ilin iyul ayından fəaliyyət göstərən mediasiya xidməti fərdi mediatorlar vasitəsi ilə həyata keçirilirdi. 15 fevral 2022-ci il tarixdə Naxçıvan Mediasiya Təşkilatının yaradılması məqsədilə Mediatorların Təsis Yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Mediasiya Təşkilatının yaradılması barədə qərar, həmçinin təşkilatın Nizamnaməsi qəbul olunub. Mediasiya Təşkilatının fəaliyyəti 2019-cu ildə qəbul edilmiş “Mediasiya haqqında” Qanunla tənzimlənir. Ötən dövrdə bu sahədə müvafiq işlər görülüb, mediatorlar kursa göndərilərək təcrübə keçiblər. Hazırda muxtar respublikada 5 mediator fəaliyyət göstərir.

Cəlil Rüstəmov bildirib ki, mediatorlar fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, daxil olan müraciətlər ətraflı araşdırılmalı, kütləvi informasiya vasitələrində maarifləndirmə və təbliğat işləri aparılmalı, mediasiya izah edilməli, könüllü mediasiya inkişaf etdirilməli, yeni mediatorların seçilib təşkilata üzv seçilməsi ilə bağlı işlər aparılmalıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev qeyd edib ki, muxtar respublikada mediasiya təşkilatının yaradılması hüquqi dövlət quruculuğu sahəsində atılan uğurlu addımdır. Mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan mediasiya prosesi beynəlxalq təcrübədə də geniş istifadə olunur. Muxtar respublikada mediasiya fəaliyyətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlər məhkəmələrin iş yükünün azaldılmasına da öz töhfəsini verəcək.15.04.2022 (3)

Naxçıvan Mediasiya Təşkilatının sədri Yusif Həsənov bildirib ki, təşkilat üçün 1 mediasiya prosesi, 1 qeydiyyatçı-operator və arxiv, 2 mediator və təşkilat direktoru üçün iş otağı ayrılıb. Otaqlar lazımi mebel avadanlıqları və kompüterlərlə təchiz olunub.

Yusif Həsənov yaradılmış şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.