Naxçıvanda dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Dini-mənəvi dəyərlər hər bir mütərəqqi cəmiyyət üçün vacib sahədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanlar dövlətimizi, mənəviyyatımızı qorumalıdırlar. Biz gərək mənəvi saflıq uğrunda mübarizə aparaq. Yalnız və yalnız bu yolla cəmiyyətimizi sağlamlaşdıra, inkişaf etdirə və müstəqil dövlətimizi irəliyə apara bilərik”. Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə sağlam dini ideologiya formalaşdırılıb, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində dövlət-din, 48-ci maddəsində isə dini etiqad və vicdan azadlığının hüquqi əsasları təsbit olunub. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət-din münasibətləri ardıcıl şəkildə həyata keçirilib, 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib, Nuh peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunub. Hazırda muxtar respublikada 214 məscid vardır. Dindarların biliklərinin artırılması sahəsində də işlər görülüb, 407 din xadiminə vəsiqə verilib. Mövcud dini-mədəni irsin və görülən işlərin nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib.

Ali Məclisin Sədri deyib: Yaşadığımız dövrdə dini öyrənərək və mahiyyətinə uyğun təbliğ etmək qarşıda duran əsas vəzifədir. Görkəmli şair və dramaturq Moris Meterlinq də vaxtilə yazırdı ki, “Dini tədqiq edərək öyrənən tədqiq etmədən inanandan daha inamlı və imanlıdır”. Bugünkü müşavirədə də muxtar respublikada dini-mənəvi dəyərlər sahəsində görülən işlərə bir daha diqqət yetiriləcək, aidiyyəti üzrə müvafiq tapşırıqlar veriləcəkdir.

Müşavirədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında elmin və dinin inkişafına yüksək diqqət və qayğı göstərilib, dini-mənəvi dəyərlərlə bağlı ümumiləşdirici əsərlər, 20-yə qədər kitab və monoqrafiyalar, çoxsaylı məqalələr nəşr etdirilib. Həmçinin muxtar respublikada “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər”, “Azərbaycanlıların məişətində islamaqədərki mərasimlər, ayinlər və inanclar”, “İslamda imamilik” mövzularında elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə edilib. Həmçinin muxtar respublikada indiyədək bərpa olunan 70-dən artıq tarix-mədəniyyət abidəsinin böyük bir qismini İslam dini ilə əlaqədar olan abidələr, o cümlədən məscidlər, xanəgahlar, türbələr, imamzadələr və başqaları tutur. Ali Məclis Sədrinin Sərəncamları əsasında AMEA Naxçıvan Bölməsində yaradılan “Tədqiqat qrupları” islam mədəniyyətinin möhtəşəm nümunələrindən olan Gülüstan türbəsi və Qarabağlar Türbə Kompleksində tədqiqatlar aparıb, tədqiqatın nəticələrinə əsasən “Gülüstan türbəsi” və “Qarabağlar Türbə Kompleksi” kitablarını hazırlayıblar. Həmçinin İslam dini ilə bağlı olan “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məscid və ziyarətgahları”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri” və digər kitablar hazırlanaraq nəşr etdirilib. İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında din və elmin qarşılıqlı inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika ziyalıları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev deyib ki, bu gün muxtar respublikada dövlət-din münasibətlərinin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, dini-mənəvi dəyərlərimiz qorunur, sağlam dini-ideoloji təbliğat işi aparılır. Hazırda muxtar respublikada dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunaraq din xadimlərinin istifadəsinə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində “Mənəvi Dəyərlər Fondu” yaradılmışdır. Ötən müddətdə dövlətçiliyimizə zidd, məzhəb ayrıseçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 3492 adda 3655 dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb. Pandemiya dövründə də dini mərasimlərin icrası dayandırılmamış, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla yerinə yetirilib. Ramazan bayramının və Məhərrəm ayının doqquzuncu və onuncu günlərinin ayinləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə ənənəvi İslam qaydalarına uyğun şəkildə icra olunub.

Vüqar Babayev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklər barədə məlumat verib, kollektiv adından minnətdarlığını bildirib, bundan sonra da dəyərlərin qorunması və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov bildirib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri dindarların fəaliyyəti üçün də hərtərəfli imkanlar yaradıb. Yeni məscidlərin tikilməsi, dini icmaların fəaliyyətinin təmin olunması, məscidlərdə iş otaqlarının ayrılması, dini icmalara avtomobillərin verilməsi muxtar respublika dindarları tərəfindən minnətdarlıqla qarşılanır, onlara göstərilən yüksək qayğı kimi dəyərləndirilir. Görülən işlərin davamı olaraq 2016-cı il mayın 3-də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura yaradılıb. Şura din xadimlərinin fəaliyyətlərini mövcud qanunvericiliyə və şəriət normalarına uyğun şəkildə daim diqqətdə saxlanıb, dini abidə və ziyarətgahların qorunması və onlardan düzgün istifadə edilməsini insanlara aşılanıb. Ötən müddətdə altı attestasiya imtahanı təşkil olunub, 407 din xadiminə vəsiqə verilib. Qeydiyyatdan keçənlər ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəst vahid geyim forması ilə təmin olunublar. Naxçıvan şəhər Sarvanlar, Babək, Şərur, Ordubad və Şahbuz şəhər məscidlərində qadın və kişilərdən ibarət müvafiq təkmilləşdirmə kurslarında 1390 nəfər iştirak edib. Bu gün muxtar respublikada din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi də dini mənəvi tədbirlər sırasında xüsusi yer tutur. Artıq hər ay attestasiyadan keçən və vəsiqə alan dindarlara əməkhaqqı ödənilir. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə din xadimlərinin əməkhaqları bu il artırılıb. Həmçinin bu gün Babək, Ordubad, Culfa və Kəngərli icmalarına avtomobillər təqdim olunur. Sahib Məmmədov muxtar respublikanın din xadimlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

“Naxçıvan” Universitetinin İlahiyyat kafedrasının müdiri Xəfayət Əliyeva deyib: Naxçıvan Muxtar Respublikasında peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılıb, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə bakalavr, 2020-ci ildən isə İslamşünaslıq ixtisası üzrə magistr pilləsi üzrə kadr hazırlığına başlanılıb. 4 tələbə ilə fəaliyyətə başlayan ixtisasa ötən dövrdə 65 tələbə qəbul olub. 2015-ci ildən fəaliyyət göstərən İlahiyyat kafedrasında hazırda 10 müəllim çalışır. Həmin ixtisas üzrə bakalavriat səviyyəsində 52, İslamşünaslıq ixtisasının magistratura səviyyəsində isə 1 tələbə təhsil alır. Universitetimizdən Dinşünaslıq ixtisası üzrə 13 tələbə məzun olub və ixtisaslarına uyğun əmək fəaliyyəti ilə məşğuldurlar. Dinşünaslıq ixtisasında İslam dininin tədrisinə dair Ərəb dili, Quran oxu və təcvid, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin tədrisi də aparılır. Eyni zamanda, digər aparıcı dünya dinlərinin-xristianlıq, yəhudilik, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, multikulturalizm kimi sosial və humanitar elmlər də tədris olunmaqdadır. Hazırda “Naxçıvan” Universitetinin elmi kitabxanasında 1393 adda 2243 dini ədəbiyyat müəllim və tələbələrin istifadəsindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Dinşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə hamiliyə verilib. Xəfayət Əliyeva göstərilən diqqət və qayğı müqabilində daha səylə çalışacaqlarını bildirib.

Babək Rayon Dini İcmasının sədri Qasım Qasımov dini-mənəvi dəyərlər sahəsində görülən işlər və yaradılan şəraitə görə dindarlar adından minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə  söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə mənəvi dəyərlərin qorunub yaşadılmasını diqqətdə saxlayıb, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoyub. “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır”, - deyən ulu öndərin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazası yaradılmış, vicdan və etiqad azadlığı təmin olunub. Ölkə Prezidenti cənab İlham Əliyev də dahi şəxsiyyətin yolunu uğurla davam etdirərək dini-mənəvi dəyərləri inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur.

“Mənəvi  dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır”, - deyən Ali Məclisin Sədri bildirib ki, o cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Müdriklər də deyirdi ki, inkişaf yalnız elmə əsaslandıqda məqsədə tam çatmaq mümkün deyil. Çünki elmdə irəli gedib mənəviyyatda geridə qalan cəmiyyət, son nəticədə irəli yox, geriyə gedir. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür. Təktanrıçılığın mərkəzlərindən olan Naxçıvanda yerli əhali 653-cü ildə İslam dinini könüllü qəbul edib, bu ərazidə sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sistemi formalaşıb. Təsadüfi deyil ki, on beşinci əsrdə tərtib olunan “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvan İslamın ən güclü dayaqlarından biri kimi göstərilib.

Ali Məclisin Sədri deyib: Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri dəyərlərimizə və qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikada Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura, Mənəvi Dəyərlər Fondu, hər rayonda Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyalar və dini icmalar yaradılıb. Həmçinin dini təhsil sistemi təkmilləşdirilib, “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb, eyni zamanda dindarlar üçün kurslar təşkil olunub. Muxtar respublikada dini-tarixi abidələr də bərpa edilib, yeni məscidlər tikilib, din xadimlərinin sosial təminatı sahəsində müvafiq tədbirlər görülüb. Bütün bunlar sağlam dini ideologiyanın formalaşmasına öz təsirini göstərib, dini təhlükəsizlik təmin olunub. Hazırda muxtar respublika məscidlərində fərqli məzhəb mənsubu olan şəxslər birgə ibadət edir, vəhdət namazı qılırlar. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi də bir tərəfdən bu ərazidə tarixən formalaşmış zəngin türk-islam mədəniyyəti ilə bağlı idisə, digər tərəfdən də müstəqillik illərində dini-mənəvi dəyərlərin yaşadılması sahəsində görülən işlərin nəticəsi idi.

Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Dini təhlükəsizlik olmadan milli təhlükəsizlikdən danışmaq mümkün deyil. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Milli-mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributudur”. Sağlam mənəviyyat üç yolla - milli kimliklə dinin, elmlə dinin və təhsillə dinin vəhdəti  hesabına formalaşır. Qarşıda duran birinci vəzifə dini kimliyimizlə milli kimliyimizin vəhdət təşkil etməsidir. Bu səbəbdən də dini dəyərlərimizlə milli adət-ənənə və dəyərlərimiz xalqımızın varlığının ifadəsi kimi vahid sistem formasında qorunmalı, inkişaf və təbliğ edilməlidir. Məzhəbçilik, radikalçılıq və xurafatçılıq təkcə dini-mənəvi dəyərlərə zidd olan hərəkətlər deyil, eyni zamanda milli təhlükəsizlik üçün təhdiddir. Bu məsələ daim diqqətdə saxlanılmalı, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi məzhəb və dini ayrıseçkiliyə, qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qarşı tədbirlərini davam etdirməli, dini baxışlardan kənar məqsədlər üçün istifadə cəhdlərinin qarşısı alınmalıdır. Naxçıvan Muxtar Respublikası mühüm strateji mövqedə yerləşir. Ona görə də Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti dini təhlükəsizliklə bağlı əməliyyat və profilaktiki tədbirləri diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri deyib: İslam elm və təhsilə, mənəvi saflığa çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu olub. Peyğəmbərimiz də elmi dinin nizamı kimi dəyərləndirmişdir. Müqəddəs kitabımız “Qurani-Kərim” də “Oxu” əmri ilə başlayır. Naxçıvanda elmə və təhsilə yüksək dəyər verilməsinin başlıca səbəblərindən biri də onun mənəviyyatımızla sıx bağlı olmasıdır. Belə bir yanaşma da var ki, elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır. Buradan o nəticəyə nail oluruq ki, sağlam mənəviyyatın formalaşdırılmasının ikinci yolu - elmlə dinin vəhdəti günün tələbidir. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmlə dinin vəhdətinə nail olmalı, bu sahədə birgə tədqiqatlar aparılmalı, elmi-dini ədəbiyyatlar yazılmalı, dini-mənəvi dəyərlərimizə tariximizin mirası kimi yox, bu günümüzün və gələcəyimizin təminatı kimi yanaşılmalıdır.

Qeyd olunub ki, müasir dünyanın elmi-texniki tərəqqisi ilə ayaqlaşan və mənəvi köklərinə bağlı gənc nəslin yetişdirilməsi qarşıda duran əsas vəzifələrdir. Alman filosofu Hegel yazırdı ki, din inama əsaslanmaqla vasitəsiz bilik olsa da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnməlidir. Düşünürük ki, dini-mənəvi dəyərlərin təhsil prosesində elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi yalnız təhsilli deyil, həm də mənəviyyatlı gənclərin yetişməsinə imkan verəcəkdir. Ona görə də muxtar respublikada sağlam mənəvi tərbiyənin üçüncü şərti - dinlə təhsilin vəhdəti öncül istiqamət kimi götürülməli, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi birgə fəaliyyət proqramı hazırlamalı, məktəblərdə mənəvi dəyərlərimizlə bağlı interaktiv dərslər keçirilməli, dini-mənəvi dəyərlərimizin mahiyyəti şagirdlərə milli mənlik şüurunun formalaşdırılması yolu ilə öyrədilməlidir. Tələbə-gənclik böyük qüvvədir. Onların dini-mənəvi tərbiyəsi daim öncül istiqamət olmalı, ali və orta ixtisas təhsili müəssisələrində dini-mənəvi dəyərlərimizin, o cümlədən islam tarixinin və islam əxlaqının əsas prinsiplərinin öyrədilməsi məqsədilə dərsdənkənar kurslar təşkil edilməli, gənclərdə dini təsəvvürlərin və biliklərin artırılması istiqamətində əməli tədbirlər görülməli, dinə şüurlu münasibət formalaşdırılmalıdır.

Dünyəvi dini təhsil dinin əsaslarının doğru şəkildə cəmiyyətə çatdırılmasında və yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm vasitədir. Yəni sağlam dini təhsil sistemi bu sahədə dəyərlərinə bağlı kadr hazırlığını, o isə son nəticədə milli-mənəvi birliyi təmin edir. Ona görə də “Naxçıvan” Universiteti Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birlikdə Dinşünaslıq ixtisası üçün kadr hazırlığını təkmilləşdirməli, bu günün reallıqları ilə səsləşən və din sahəsində sağlam ictimai şüuru formalaşdıran kadrlar hazırlanmalıdır. İslamın və müqəddəs kitabımız “Qurani-Kərim”in elmi əhəmiyyəti ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb. Tarix boyu Azərbaycan maarifçilərini də bu məsələ düşündürmüş, on beşinci əsrdə Naxçıvan torpağının yetirməsi, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvani, XX əsrin əvvələrində isə Mirməhəmməd Kərim Bakuvi və Məhəmmədhəsən Mövlazadə Azərbaycan dilində “Qurani-Kərim”in təfsirlərini hazırlayıb nəşr etdirmişlər. Hər iki nəşr müqəddəs kitabımızın hikmətlərinin insanlara çatdırılması və elmi-dini dünyagörüşün formalaşmasına xidmət edən dəyərli ədəbiyyatlardır. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dindarların hazırlanmasında və Dinşünaslıq ixtisasının tədris proqramında elmi təsdiqini tapmış dini ədəbiyyatlara, xüsusilə də “Qurani-Kərim”in təfsirlərinə üstünlük verməli, mənəvi dəyərlərimizin mahiyyətinə uyğun kitabların yazılmasına diqqət artırılmalıdır.

Ali Məclisin Sədri deyib: Məzhəb ayrıseçkiliyi salan və ifrat məzhəbçiliyi təbliğ edən ədəbiyyat, əşya və digər materiallar dini mahiyyətindən uzaqlaşdırır. Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu cür materialların muxtar respublikaya gətirilməsi və yayılmasının qarşısını almalı, aşkar olunan və açıq şəkildə satışda olan dini materialların və kitabların Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birlikdə ekspertizası aparılmalıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi cəmiyyətin hər bir üzvünün borcudur. Xüsusilə də dindarların üzərinə bu mənada mühüm vəzifələr düşür. Ümummilli liderimiz Heydər Əliyev də tövsiyə edirdi ki, “Din xadimlərimiz gərək gənclərimizi Vətənə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə etsinlər, onları Vətəni qorumaq üçün hazırlasınlar”. Din xadimləri dahi şəxsiyyətin tövsiyələrini əsas götürməli, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura bu sahədə sistemli iş aparmalı, tədbirlər planı hazırlanıb icra edilməlidir.

Ali Məclisin Sədri bildirib ki, İslamı birləşdirən üç başlıca dəyərdən biri də məscidlərdir. Məscidlər təkcə ibadət yerləri deyil, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır. Hazırda muxtar respublikada 214 məscid vardır. Hər bir məscid əhatə etdiyi yaşayış məntəqəsində dini-mənəvi dəyərlərimizin təbliğ edildiyi mərkəzlər kimi fəaliyyətlərini gücləndirməlidir. Dini icmalara tövsiyəmiz odur ki, fəaliyyətlərini dini mərasimlərlə bitmiş hesab etməsinlər, dini məsələlərin və ayinlərin dindarlar arasında düzgün təbliğinə, islam dininin olduğu kimi çatdırılmasına nail olsunlar. Dini dəyərlərin, xüsusilə də ibadət, ayin və mərasimlərin İslami qaydalara uyğun keçirilməsi və təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir. Təcrübə də göstərir ki, cəmiyyətdə sağlam dini dünyagörüş və təfəkkür sağlam təbliğat mexanizmi müəyyənləşdirildiyi zaman formalaşır. Buna isə dindarların bilik və dünyagörüşünü artırmaqla nail olmaq mümkündür. Ona görə də muxtar respublikada din xadimlərinin bilikləri daim artırılmalı, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dindarların attestasiyası davam etdirilməlidir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura muxtar respublikada dini bayramların, ayinlərin və yas mərasimlərinin bundan sonra da dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsinə diqqət etməli, məscidlərdə oxunan xütbələr mənəvi dəyərlərimizə zidd olmayan mövzulara həsr olunmalı, vətənpərvərlik və torpağa bağlılıq kimi ali dəyərlər İslam əxlaqı prizmasından izah edilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə muxtar respublikada Ramazan və Məhərrəmlik aylarının fəzilətlərinə və dəyərlərimizə uyğun keçirilməsinə nail olmalıdır. Ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərin tətbiqi Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura tərəfindən diqqətdə saxlanılmalıdır. Dinə çağırış onun dəyərlərinə hörmətlə və bu dəyərləri öyrənməklə mümkündür. Çünki mənəvi dəyərlər o halda fayda verir ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dini maarifləndirmə tədbirlərinin effektivliyini artırmalı, din və cəmiyyət, din və dövlət münasibətlərinin mahiyyətini ifadə edən maarifləndirici tədbirlər keçirilməli, müzakirələr aparılmalı, kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə olunmalıdır.

Ali Məclisin Sədri çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan müstəqil dünyəvi dövlətdir. Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət həmişə birdir, bir yerdədir. Belə də olmalıdır. Çünki bizim amalımız da, istəyimiz də birdir. Biz istəyirik ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənsin... və uzunmüddətli inkişafımız uğurlu olsun” fikirləri ilə tamamlayıb, bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

Sonra dini-mənəvi dəyərlərə həsr olunmuş sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərə dair dərc olunan 40-a yaxın kitab, xəttatlıq nümunəsi, eləcə də qəzet materialları, dini-mənəvi dəyərlərə həsr olunan fotoşəkillər və sənədli filmlər nümayiş olunub.

Ali Məclisin Sədri Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinin dini maarifləndirmə tədbirlərində və kadr hazırlığında istifadəsinin əhəmiyyətini vurğulayıb, ali dini təhsilli kadrların hazırlanması və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində dini ədəbiyyatların tərcümə olunması barədə müvafiq tapşırıqlar verib, dini-mənəvi dəyərlər sahəsində görülən işlərdə əməyi olanlara və muxtar respublika dindarlarına təşəkkür edib.

Sonra Babək, Ordubad, Culfa və Kəngərli rayon dini icmalarına avtomobillər təqdim olunub.