Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Hamiliyə verilmiş ixtisaslarda təhsil alan hüquqşünas tələbələr üçün “Ədalətli məhkəmə araşdırması hüququ üzrə” təlim keçirilib.

Tələbələrin hüquqa dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahəyə olan marağını artırmaq məqsədilə keçirilən təlimdə Naxçıvan Dövlət Univerisitetinin 2-ci və 3-cü kurs hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Əvvəlcə tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olub onları maraqlandıran suallar cavablandırılıb. Tələbələr Ali Məhkəmədəki kitabxana ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında onlara ətraflı məlumat verilib.

Təlim zamanı tələbələr real məhkəmə prosesini izləyiblər.

Keçirilən təlimin növbəti günündə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqi mövzularda çıxışlar edilib. Sonrakı gün təlimdə tələbələrə kazuslar verilib, tələbələr komanda şəklində kazusları cavablandırıblar.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kommersiya kollegiyasının sədri Əhliman Xıdırov “Ədalətli məhkəmə araşdırması hüququ üzrə” tələbələrə təlim keçib.                                          

Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. Ali Məhkəməsinin sədri sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur və hüququn müasir dövlət həyatında tutduğu çox əhəmiyyətli və böyük payın təbii nəticəsi olaraq hüquqşünasın təhsili də böyük əhəmiyyət daşıyır və tələbələrin dövlət orqanlarında təcrübə qazanmaları da bu təhsilin bir hissəsidir. Ona görə də bu sərəncam tələbələrin yaxşı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnməsi baxımından sərəncamın əhəmiyyətini vurğulayan Qasım Əliyev qeyd edib ki, bu istiqamətdə nəzərdə tutulan vəzifələrin uğurlu şəkildə icra olunmasını təmin etmək məqsədilə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların məhkəmə proseslərində iştirakının təmin olunması diqqətdə saxlanılır. Bundan başqa, gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində təcrübə keçmələri üçün lazımi şərait yaradılıb və bunun nəticəsi olaraq tələbələr ötən illərdə olduğu kimi bu il də Ali Məhkəmədə təcrübə keçiblər.

 Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən 5 günlük təlim noyabrın 29-dan dekabrın 3-ə dək davam edib.

                             

                                 Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin      

                                                              mətbuat xidməti