Avropa İttifaqının ekspertləri tərəfindən Naxçıvanda “Hakimlər üçün münaqişənin həll edilməsi və kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib.

        Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına texniki dəstəyin göstərilməsi məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin benefisiar olduğu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli xidmətlərinin və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına Dəstək” layihəsi çərçivəsində bu gün Naxçıvan şəhərində “Hakimlər üçün münaqişənin həll edilməsi və kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib. Avropa İttifaqının baş ekspertləri Mark Seqal və Ruslan Mirzəyev tərəfindən keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış və rayon şəhər məhkəmələrinin sədirləri iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov çıxış edərək, ölkəmizlə Avropa İttifaqı arasında məhkəmə-hüquq sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

       Qeyd olunub ki, mübahisələrin alternativ həlli üsulları məhkəmə sisteminin iş yükünün azaldılması, məhkəmələrə əlçatanlığın artırılması və bu kimi digər müsbət keyfiyyətlərlə yanaşı, konfliktlər zamanı hüquqların müdafiəsində vasitə seçiminə, yəni, dövlət müdafiə vasitələrindən və ya daha adekvat həll yolundan istifadə üçün verilən əlavə təminatdır. Vurğulanıb ki, mediasiya institutunun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli iş görülüb. “Mediasiya haqqında” qanun bu fəaliyyəti tənzimləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunub.

Avropa ittifaqının baş eksperti Mark Evan Seqal icra olunacaq layihənin Avropa İttifaqı ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində səmərəli əməkdaşlığın inkişafına xidmət edəcəyinə, məhkəmə sisteminin səmərəliliyinin artırılmasına, ümumilikdə Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara töhfə verəcəyinə inandığını söyləyib. O bildirib ki, layihənin əsas məqsədi mübahisələrin alternativ həlli üzrə mediasiya və arbitraj mexanizmlərinin tətbiqinin, həmçinin bu sahədə maraqlı tərəflərin məlumatlılığının və texniki potensialının gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq kommersiya və inzibati məhkəmələrin institusional və hüquqi bazasının təkmilləşdirilməsi, həmin məhkəmələrin işinin səmərəliliyinin, hakimlərin və işçi heyətinin peşəkarlığının artırılmasıdır.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi məhkəmə sistemində xidmətlərin keyfiyyətini artırmaq, əhalinin və sahibkarların ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi potensialını artırmaqla onların fəaliyyətini yaxşılaşdırmaq, həmçinin mübahisələrin alternativ həlli mexanizimlərini, o cümlədən arbitiraj və mediasiyanı təşviq etmək nəzərdə tutulur.

Təlimdə bildirilib ki, hakimlər, vəkillər, prokurorlar, iddiaçılar, şahidlər məhkəmə işçiləri, dövlət məmurları bir sıra insanlarla ünsiyyət qurarkən çoxsaylı problemlərlə üzləşirlər. Bu sahədə ünsiyyət bacarıqları xüsusilə vacibdir. Demək olar ki, bütün məhkəmə prosesi münaqişənin həll edilməsində bir məşqdir və bunun üçün əla ünsiyyət bacarıqları tələb olunur. Xüsusilə də hakimlər fikrlərini çatdırmaq və başqalarının firlərini şərh etmə üçün bu bacarıqlara ehtiyac duyurlar. Ünsiyyətin həm verbal həm de qeyri-verbal aspektləri son dərəcə əhəmiyyətlidir.                    

Qeyd edək ki, diskusiya şəklində keçirilən təlimdə slayıtlar vasitəsilə məsələlər izah ounub, iştirakçılarla mövzular üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

                    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidməti