Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil ocağının “İncəsənət” fakültəsində “Hüquq həftəsi” layihəsi çərçivəsində “Hüquqşünaslıq” ixtisası tələbələrinin hakimlərlə görüşü təşkil edilib.

     Tədbiri universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açaraq diqqətə çatdırıb ki, yüksək dövlət qayğısı hesabına 1996-cı ildə universitetdə “Hüquqşünaslıq” ixtisası açılıb. Rafiq Rəhimov “Hüquq həftəsi” çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirib, belə tədbirlərin tələbələrin təcrübi bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
     Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının sədri İlqar Mirzəyev bildirib ki, hakim məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxsdir. “Hüquqşünaslıq” ixtisası üzrə tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışan İlqar Mirzəyev qeyd edib ki, tələbələr mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olur və təcrübə keçirlər.
     Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının sədri Əhliman Xıdırov, Babək rayon məhkəməsinin sədri Zamiq Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmənin statistikasının təhlili şöbəsinin müdiri Cahan Bayramova, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İcra məmurları şöbəsinin icra məmuru Yunis Xəlilovun çıxışları dinlənilib. Çıxış edənlər tələbələrə öz məsləhət və tövsiyyələrini çatdırıblar.

   Qeyd edək ki, “Hüquq həftəsi” çərçivəsində Hüquqşünaslıq” ixtisası tələbələri Naxçıvan Şəhər Məhkəməsində olub və real məhkəmə prosesini izləyiblər. Həmin gün Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında olan tələbələrə “Elektron kitabxanada müəllif hüquqlarının qorunması və hüquqi maarifləndirmə” mövzusunda seminar keçirilib. Seminarı universitetin baş hüquqşünası Cəbrayıl Həsənzadə keçib.


         Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidməti