Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Gülüstan türbəsi və “Əlincəqala” Tarix-Mədəniyyət muzeyini ziyarət edib.

     Kollektiv əvvəlcə Gülüstan türbəsində olub. Burada kollektivə Araz çayının sol sahilində yerləşən və Əcəmi memarlıq məktəbinin təsiri ilə ucaldılan, XII əsrə aid dünya əhəmiyyətli, orijinal monumental xatirə abidəsi olan Gülüstan türbəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, muxtar respublikada tarixi və mədəni irsimiz olan abidələrə bu gün dövlət səviyyəsində qayğı göstərilir. Gülüstan türbəsinin bərpası və tədqiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci ildə müvafiq Sərəncam imzalayıb. Bu isə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, qədim yurdumuzun əvəzsiz incilərindən olan bu abidəyə ikinci həyat bəxş edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Republikası Ali Məclisi Sədrinin sərəncamı ilə abidə bərpa edilərək tədqiq olunub. Onun orijinallığı saxlanılaraq ikinci həyat verilib.

     Daha sonra kollektiv "Əlincəqala" muzeyini ziyarət edib. Muzey bələdçisi tərəfindən məlumat verilib ki, ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr sərgilənir. Həmçinin Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılan kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən Əlincəqala tarixi abidəsi də bərpa edilib, burda “Əlincəqala” Tarix Mədəniyyət Muzeyi yaradılıb.

     Azərbaycan memarlarının daş sənəti incisi olan Gülüstan türbəsini və tariximizin qəhrəmanlıq, mübarizlik əzmi olan “Əlincəqala” Tarix-Mədəniyyət Kompleksini ziyarət kollektivdə xoş təəssüratlar yaradıb.

 

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xitməti