Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində yerləşən Ədəbiyyat muzeyini ziyarət edib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. 2021-ci ildə də muzey ziyarətləri davam edir. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Naxçıvan Ədəbiyyat muzeyində olub. Burada ziyarətçilərə məlumat verilib ki, muzey Azərbaycan ədəbiyyatının qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər keçdiyi yolu özündə əks etdirir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev fondu”, Naxçıvan teatrının yaranmasının 125 illik yubileyi ilə əlaqədar “Naxçıvan Dövlət Musiqili Dram Teatrının fondu”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, ədəbiyyatşünas alimlərdən Əziz Şərifin, Məmmədcəfər Cəfərovun, Abbas Zamanovun, Lətif Hüseynzadənin və digər şair və yazıçıların həyat və yaradıcılığına həsr olunmuş fondlar yaradılıb.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltaraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidməti