“Elektron məhkəmə” informasiya sisteminin təqdimatı olub

“Elektron məhkəmə” informasiya sisteminin təqdimatı keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinin sədr və hakimləri, Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin əməkdaşları, rayon (şəhər) İcra və Probasiya şöbə və bölmələrinin rəisləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən geniş miqyaslı məhkəmə-hüquq islahatlarından bəhs edib. “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, bu sistem əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir. Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən bu sistemin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırır, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət etməyinə imkan verir, məhkəmə baxışını tezləşdirir. Sistem bütün məhkəmə instansiyalarını və növlərini vahid sistemdə birləşdirir, prosesləri sürətləndirir, qanunvericiliyin tələblərinə uyğun çoxsaylı hesabatlar hazırlayır və məhkəmə qurumlarının fəaliyyətini qiymətləndirməyə yardım edir. Hazırda 800-dən çox sənəd növü əvvəlcədən tərtib edilmişşablonlara əsasən avtomatik olaraq yaradıla bilər ki, bu da vaxta qənaət baxımından olduqca əhəmiyyətlidir. Qasım Əliyev qeyd edib ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu sahədə operativliyin və şəffaflığın təmin olunması məqsədilə “Elektron icra” sistemi yaradılaraq tətbiq olunur. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikada məhkəmələrin hər biri üçün müasir inzibati bina və iş şəraiti yaradıldığını bildirib. Qeyd edib ki, Ali Məclis Sədrinin təşəbbüsü ilə 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərmanda məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Həmin fərmanın və digər hüquqi aktların qəbulu və icrası, habelə göstərilən dövlət qayğısı nəticəsində məhkəmə orqanları müasir texnoloji vasitələrlə və iş şəraiti ilə təmin olunub. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın məhkəmələri “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə çoxdan hazır idi. Cəlil Rüstəmov bildirib ki, sistemin istifadəsi insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanı yaratmaqla yanaşı, həm də vaxt itkisinin qarşısını alır. Bu da məhkəmələrə ictimai etimadı gücləndirir. Həmçinin sistem istənilən hesabatı qısa vaxt ərzində hazırlamağa imkan verir ki, bu da məhkəmə statistikasının vaxtında aparılmasına, zəruri ümumiləşdirmələr hazırlanmasına şərait yaradır. Hakimlər və məhkəmə aparatının bütün işçiləri sistemdən səmərəli istifadə etməli, yaradılanları qorumalı, bu sahəyə ixtisaslı mütəxəssislər cəlb olunmalıdır. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İnformasiya Sistemi üzrə İşçi Qrupunun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov “Elektron məhkəmə” informasiya sisteminin imkanları və səmərəliliyi barədə danışıblar. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Cahan Bayramova “Elektron məhkəmə” informasiya sisteminin iş prinsipi, sistemdən istifadə qaydaları və sistemin üstünlükləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin rəisi Emin Kazımov “Elektron icra” sisteminin funksiyaları,sistemdən istifadə qaydaları barədə təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Sonda tədbir iştirakçıları “Elektron məhkəmə” informasiya sisteminin iş prinsipi ilə tanış olub, prosesiştirakçılarının SMS vasitəsilə məlumatlandırılması sistemi əyani şəkildə iştirakçılara göstərilib.