NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİNİN SƏDRİ QASIM ƏLİYEV MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASINDA İŞTİRAK ETMİŞDİR

Sentyabr ayının 17-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev də iştirak edib.

İclasda çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı mütərəqqi tədbirləri vurğulayıb, hüquqi sahədə islahatlara əsaslı təkan verən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanın icrası üzrə ardıcıl işlərə toxunub.

Qeyd edilib ki, hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmana uyğun olaraq hakim ştatlarının sayı 200 vahid artırılıb, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilərək namizədlərin seçimində çeviklik artırılıb, onlar üçün daha şəffaf və əlverişli şərait yaradılıb. İyul ayının 25-dən isə Hakimlərin Seçki Komitəsi tərəfindən növbəti müsabiqə elan olunub.

İclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Komitənin məlumatı dinlənilib. Qeyd olunub ki, sənədlərini təqdim etmiş 206 nəfər hakimliyə namizədlə sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb və 158 nəfər müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılıb. Hər bir namizədin nəticələri ona dərhal elan olunub və müvafiq arayış təqdim edilib. İmtahan “on-line” rejimində internetlə birbaşa yayımlanıb, çoxsaylı yerli vətəndaş cəmiyyəti və beynəlxalq təşkilat nümayəndələri tərəfindən izlənilərək şəffaf prosedur kimi yüksək dəyərləndirib.

İclasda müsabiqənin növbəti mərhələləri ilə bağlı təşkilati məsələlərə toxunulub, sənəd qəbulunun bundan sonra da davam edəcəyi vurğulanıb. İmtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi qeyd olunub.

Həmçinin, iclasda Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib. Ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.