NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda 2011-ci ilin birinci yarısında  muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2011-ci ilin birinci yarısında muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi, habelə məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.

Ali Məhkəmənin sədri çıxışında bu ilin iyun ayından məhkəmənin rəsmi internet səhifəsinin Azərbaycan dili ilə yanaşı, İngilis dilində də yayımlanmasından, Ali Məhkəmənin nəşri olan bülletenin işıq üzü görməsindən, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirilməsindən bəhs etmiş, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına və hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə yönəldiyini bildirmişdir.

Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2011-ci  ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.