Rəyasət heyəti

Məhkəmələr və hakimlər haqqında

Azərbaycan Respublikasının Qanunundan

ÇIXARIŞ

Maddə 54.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyəti:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;[81]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;

qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;

Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, onun müavininin, kollegiya sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrlərinin məlumatlarını dinləyir; [82]

məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir; [83]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 55.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iş qaydası

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və digər şəxslər Məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır. [84]

Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət  Heyətinin qəbul etdiyi qərarların icrası  üçün digər zəruri işlər görür. [85]

 Rəyasət heyəti haqqında məlumatları Azərbaycan Respublikası Məhkəmə sisteminin vahid portalından əldə edə bilərsiniz. Bura  klikləyin.